Qafqazın lider dövləti olan Azərbaycan bu gün beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin əldə etdiyi nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın əsasının qoyulması ilə yanaşı, beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində əhəmiyyətli dönüş yaranıb. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması, o cümlədən siyasi əlaqələrin daha da gücləndirilməsi baxımından beynəlxalq aləmlə münasibətlərin yaranması olduqca mühüm idi və ulu öndərin gərgin əməyi, iradəsi nəticəsində bu münasibətlər qarşılıqlı etibar, etimad və anlaşma prinsipləri üzərində qurulub. Hazırda Prezident İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Bu mənada xarici siyasətimizdə əldə olunan uğurlar ciddi təməllər üzərində qurulub. Hazırda dövlətimizin başçısı tərəfindən həyata keçirilən xarici siyasət mükəmməl konsepsiyaya əsaslanır. Ümumiyyətlə, Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Əsas önəmli məqam odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, həmçinin perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Eyni zamanda, ölkəmiz həyata keçirdiyi siyasətdə beynəlxalq hüquq normalarına istinad edir və bunun əsasında da öz maraqlarını qoruyur.
Yeri gəlmişkən, Azərbaycan daha bir beynəlxalq təşkilata, BRICS-ə üzv olmağa hazırlaşır. Artıq bununla bağlı sözügedən təşkilata rəsmi də müraciət edilib. Qeyd edək ki, BRICS 2006-cı ildə müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb.
Hazırda Azərbaycan BRICS-i yaradan ilk 5 ölkədən 3-ü –Rusiya, Çin və Hindistanla fəal ticarət aparır. 2024-cü ilin yanvar-iyul ayları ərzində BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min ABŞ dolları olub. Bu, ümumi ticarət dövriyyəmizin 21,7 faizini təşkil edir. Rusiya və Çin isə ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkələrdir. Bu dövlətlər ölkəmizin istehsalçıları üçün qabaqcıl bazarlardan biridir. Məsələn, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572 milyon ABŞ dolları təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon ABŞ dolları artıb. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. İxracda əsasən meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair), meyvə şirələri, ilkin formalı propilen sopolimerləri üstünlük təşkil edir. Ölkəmiz BRICS-ə üzv olmaqla bu böyük bazardan daha səmərəli istifadə edərək ixracı bir neçə dəfə artıra bilər. İki ölkəni həm də nəqliyyat infrastrukturu birləşdirir. Rusiyanı Azərbaycan vasitəsilə İranla birləşdirən Şimal–Cənub nəqliyyat dəhlizi yüklərin Fars körfəzinə və əksinə səmərəli daşınmasına imkan verir. Dəhliz Rusiyanı İran və Mərkəzi Asiyadan keçməklə Fars körfəzi ilə birləşdirərək region ölkələrinə, o cümlədən Azərbaycana Hind okeanı, Cənub–Şərqi Asiya və Afrika bazarlarına çıxış imkanı verəcək.
Çinin isə dünya və ölkəmiz üçün strateji önəmi hər il artır. Azərbaycan iqtisadi və siyasi dəstək baxımından Pekin ilə əməkdaşlıqda maraqlıdır. Artıq Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib və 4-cü ən böyük xarici ticarət tərəfdaşıdır. Bu ilin əvvəlinə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 43,5 faiz artaraq 3,1 milyard dollara çatıb. BRICS-ə üzv olmaqla hər iki ölkə ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazırdırlar.
Məlumat üçün onu da bildirək ki, bu günlərdə Rusiyada səfərdə olan Azərbaycan lideri İlham Əliyevi Prezident Vladimir Putin Kazanda keçiriləcək BRICS sammitinə dəvət edib: "Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik".
Prezident İlham Əliyev də Putinin dəvətini qəbul edib: "Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm".
İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun fikrincə, Azərbaycanın BRICS-də iştirakı ölkə iqtisadiyyatının rəqabət üstünlüklərini gücləndirməyə kömək edəcək: “Nəzərə almaq lazımdır ki, BRICS qlobal miqyasda ən sürətlə inkişaf edən iqtisadiyyatların iştirak etdiyi və cəmləşdiyi platformadır. Bu, dünya iqtisadiyyatının və onun real sektorunun lokomotivlərinin - Çin və Hindistanın təqdim olunduğu platformadır. Bu platformada Rusiya, Braziliya və Çin iştirak etdiyi üçün ən güclü resurs potensialına malik ölkələr daxildir. Belə bir təşkilatda iştirak sözsüz ki, istənilən ölkənin imkanlarını genişləndirəcək, Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycanın ciddi resurs potensialına malik olduğunu başa düşmək lazımdır. Eyni zamanda, ölkənin rahat satış bazarlarına ehtiyacı var, daxili iqtisadiyyatın emal seqmentlərini inkişaf etdirmək və yüksək əlavə dəyər əldə etmək vacibdir. “Bu baxımdan BRICS çox rahat platformadır. Ancaq eyni zamanda, mən BRICS-i makroregion kimi yerləşdirmək istəməzdim, assosiasiya bunun üçün çox geniş miqyaslıdır. BRICS, əslində, hesab edirəm ki, iqtisadi inkişaf baxımından ən perspektivli makroregionlar arasında dialoq və əməkdaşlıq platformasıdır”.
Ekspert onu da vurğulayıb ki, BRICS-in regionlararası əməkdaşlıq üçün rahat platforma baxımından təsirli perspektivləri var və Azərbaycanın bu strukturda iştirakı daxili iqtisadiyyatın yüksək texnologiyalı emal seqmentlərini əhəmiyyətli dərəcədə stimullaşdıracaq.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov isə bildirib ki, Azərbaycanın BRICS-ə qoşulmaq istəməyi təbiidir: “Belə demək mümkündürsə, ölkəmizin buna haqqı da var. Azərbaycan təbii resurslarla zəngin, sürətlə inkişaf əldə etmiş və inkişafda olan, regionda yetərli infrastruktura sahib ölkədir. Burada söhbət, hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə, eyni zamanda hava, quru və dəmiryolu nəqliyyat dəhlizlərinə sahib olmaqdan gedir”.
Onun fikrincə, əslində BRICS ölkələri Azərbaycanın bu qrupa qoşulmağında maraqlı olmalıdırlar: “BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər. Çünki bu təşkilatın üzv ölkələri çox sürətlə inkişaf edirlər. Keçən il BRICS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7 faizini təşkil edib. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10.2 faiz artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payısa bu müddətdə 9.7 faiz azalıb və 29 faizə düşüb. Qeyd olunan təşkilata Rusiya, Hindistan, Çin daxildir. Bu 3 ölkəylə Azərbaycanın geniş iqtisadi və ticari əlaqələri, alış-verişi və ötürmələri, yəni daşımaları mövcuddur. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi fayda vəd edir. BRICS-ə üzvlük odur ki, bizə adı çəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni yollar aça bilər. Azərbaycanın BRICS-ə üzv olması sırf iqtisadi səmərə, effektlə yanaşı siyasi və s. digər istiqamətlərdə də geniş imkanlar yarada bilər”.